top of page

Mən bütün şeirlərimdə özümü tapıram - Rəşad Kəsəmənli ilə müsahibə

1.Sevilən aktyor Rəşad Kəsəmənli,tanınmış xalq şairi Nüsrət Kəsəmənli yadigarı.Bizə Rəşad bəyin tanıdığımız və tanımadığımız tərəflərindən danışın.

-Tanınan və tanınmayan tərəflər…Tanınmayan tərəflərim hansıdır hansı ki,tamaşaçılara görünmür onu bilmirəm.Amma belə deyək kənardan necə göründüyümü bilmirəm.Açığı xasiyyət baxımından elə də mülayim insan deyiləm kobudluğum çoxdur. Tez əsəbləşib özümdən çıxanam ancaq sakitləşdirməyi bacara bilən insan olarsa, 5-10 dəqiqəyə məni tam sakitləşdirə bilər. Ancaq onu qeyd edim ki, özümdən çıxmağım üçün 10 saniyə kifayət edir.Və bu da əsəbi olmağımdan irəli gəlir.Daha da bilinməyən tərəflərimə gəlincə isə, həddindən artıq mədəni kişiləri sevmirəm.Qadın həddindən artıq mədəni ola bilər ancaq kişilərdə bu halı sevmirəm və öz xarakterimdə də həddindən artıq mədəniyyəti sevmirəm.Düşünürəm ki,kişilər bu baxımdan müəyyən bir çərçivədə olmalıdırlar.

2.Nüsrət Kəsəmənli əsl sevgi şairi,hisslərin şairi,könül şairi, xalqın şairidir.Böyük şairin qoyub getdiyi görkəmli irsin davamçısısınız bu dəyərli qələmin və Kəsəmənli təxəllüsünün daşıyıcısı olmaq necə duyğudur?

-Onu deyim ki, Kəsəmənli bizdə təxəllüs deyil bu bizim soyadımızdır.Və onu da qeyd edim ki,Azərbaycanda yeganə Kəsəmənli biz olmuşuq.Bəziləri var ki,təxəllüs olaraq özlərinə Kəsəmənli götürürlər bu sonradan götürmələrdir.Azərbaycanda ilk Kəsəmənli soyadı bizdə olub və belə də davam edir.Təbii ki,məsuliyyətli bir işdir.Bilirsiniz bir şey ki,zirvəyə qalxır,zirvədə olur və onu zirvədə saxlamaq,zirvəyə qaldırmaqdan daha çətindir.Çünki məsuliyyəti ikiqat artıq olur,üzərində diqqət daha çox olur.Ona görə də mənim boynuma daha böyük vəzifə düşür  və mən düşünürəm ki,bu vəzifənin öhdəsindən azdan-çoxdan gəlməyi bacarıram.Və inşallah arxasını belə də davam etdirərəm və daha da yüksəyə qaldıraram.Əgər atam nəyəsə nail oldusa,əslində çox şeyə nail olub.Və o adı ən azından aşağı salmamaq naminə çalışmaq lazım idi və mən də düşünürəm ki,mən bu cür bunun öhdəsindən gələ bilmişəm və məndən sonra da nəsilimizdən elə bir nümayəndə olacaq ki,məndən sonra da bu adı qoruyub saxlayacaq inşəallah.

3.“Mən ölümü  sevməyə başlayıram”,bu şeiri mərhum atanızın vəfatından sonra qələmə aldığınızı qeyd etmisiniz. Rəşad bəy,siz atanızı biz isə bir xalq olaraq dəyərli şairimizi itirdik.İnsan yaşından və yaşadıqlarından, çatdığı səviyyədən və qazandığı  uğurlardan asılı olmayaraq,daim valideyn sevgisinə, qayğısına ehtiyac duyur,mənimlə razısınızmı?

-Bəli mən hər yerdə qeyd edirəm ki,atamı itirdim.Xalq isə şairin itirdi,sevgi ortağını itirdi və bir tərəziyə qoyanda görürəm ki,xalq daha çox şey itirdi.Xalqın məndən daha ağır olub itkisi. Bilirsiniz,əlbəttə ki,hər bir övladın valideynə ehtiyacı hər zaman olur.Bir yerdə   böyük kimi ehtiyacı olur,bir yerdə dayaq kimi ehtiyacı olur,ancaq bir yerdə sonra ona sadəcə  ehtiyacı olur.Fərq etməz hansı yerdə nəyə görə ancaq ehtiyacı olur.Olsun deyə ehtiyacı olur,varlığını duyasan deyə ehtiyacı olur,nəfəsi gedir-gəlir bunu biləsən deyə ehtiyacı olur.Təkcə nəfəsini hiss etmək, sağ olması sənə yetərli olur.Ancaq təəssüf ki,həyatın da öz qanunları var və biz bu qanunlara riayət eləmək məcburiyyətindəyik.

4.Ədəbiyyata və ədəbi mühitə qarşı böyük bir bağınız var.Ən çox sevdiyiniz və içində özünüzü tapdığınız şeirləriniz hansılardır?

-Mənim içində özümü tapdığım şeirim yəni öz şeirlərimdən danışırsınızsa belə deyək bütün şeirlərimdə özümü tapıram.Bütün şeirlərim ünvanlı deyil demək olar ki,çox az hissəsi qarşi tərəfə həsr olunub.Yeni şeirlərimdən 5-6 dənəsi kiməsə həsr olunub.Qalan heç birinin ünvani yoxdur.Amma bütün şeirlərdəki mən özüməm,yeni öz adımdan yazmişam. Qarşı tərəf olmadan yazmışam,amma özüm özüməm orada və bütün şeirlərimdə.Necə ki, şeirlər insanın öz övladı kimidir.Fərq eləməz hansı övladıdır, onun hərəsini özünəməxsus sevirsən.Düşünürəm ki,bütün şeirlərim özünəməxsus şəkildə mənə doğmadır,əzizdir.

5.Bir çox şairlərə yönəltdiyim və indi də bir fərqli cavabın daha sizdən eşitmək istədiyim ümumişlək sualımı cavablandırmağınızı istəyirəm.Rəşad bəy, şeirlərinizin ədəbi qəhrəmanları var? Ya özünüz şeirlərinizin qəhrəmanısınız?

-Elə bundan öncə cavablandırdığım sualınızın içində var məncə o cavab.Yox mənim böyük bir ünvanım yoxdur şeirlərimin içində.Hansı ki,şeirlərimin böyük bir hissəsi həmin adama həsr olunub, yox,elə bir şey yoxdur.Ancaq yenə təkrar edirəm şeirlərimdəki o mən mənəm.Bütün hisslərimlə mənəm ancaq qarşı tərəf yoxdur.Ancaq özümü tam şəkildə yazmışam ordakı mən isə olmaq istədiyim mənəm.Olmaq istədiyim Rəşadı yazmışam çox şeirlərimdə.

6.“Günəşim ol”serialını atdığınız addımların daha da uğurlu nəticəsi kimi qeyd etmək olar.Serialla bağlı təssüratlarınızı bizimlə bölüşün.

-“Günəşim ol” serialı çox fərqli oldu,istər sujet baxımından,çəkim baxımından,istərsə də mənim həyatımda olan yerinə görə.Çünki bilirsiniz,10 ay Bakıdan kənarda qaldıq,düzdür ayda bir dəfə gedib-gəlirdim Bakiya 2-3 günlük.Amma,ümumiyyətlə götürəndə 10 ay Bakıdan,evimizdən kənarda qaldım belə deyək ikinci əsgərlik çəkdik.Ancaq gözəl tərəfləri də var idi.Gözəl dostlar qazandım,gözəl kollektivlə tanış oldum,bəzi uşaqlarla daha yaxın olduq,dostluğumuz daha yaxın oldu.Çox şeylərə şahid olduq.Kimlərinsə küsüb təzədən barışmağı,kimlərinsə dərdinə şərik olmağı,kimlərinsə evləndirməyi və s. çox şey baş verdi və gözəl oldu,rəngarəng oldu. Zəngin bir 10 ay oldu və həyatımda özünəməxsus bir yer tutdu deyə düşünürəm.Serialda da təbii ki,düşünürəm mənə verilən rolun öhdəsindən gəlməyi bacardım.Çox çetinliyimiz oldu.Tamaşaçılar bunu bilməsə də biz “Günəşim ol” kollektivi olaraq çox əziyyət çəkdik.Və əsas odur ki,ortaya keyfiyyətli bir məhsul çıxdı və yadda qalan hadisələr oldu.

7.Rəşad Kəsəmənli qurduğu kariyerada özünə məxsus uğurlar qazanıb və uğurla irəliləyir.Bəs əldə etdiyiniz nailiyyətlərin stimul mənbəyini nədə görürsünüz?

+Əldə etdiyim nailiyyətlərin stimul mənbəyi təbii ki,tamaşaçıların,izləyicilərin verdiyi dəyər və dəstəkdir.Anamın mənə verdiyi böyük bir dəstək var və o dəstəyi göstərməyə də davam edir.Stimul olaraq da təbii ki,izləyicilərdən aldığım müsbət rəylərdir.Onlar hər dəfə təbii ki,müsbət rəylər bildirəndə mən bir daha əmin oluram ki,vəzifəmin öhdəsindən gəlirəm və düzgün yoldayam.Bu daha da insanı həvəsləndirir,stimul verir və getdikcə də artmaqda görürəm bu dəyəri.Insan gördüyü işə görə özünə dəyər görəndə,özünə alqış  görəndə daha da həvəslənir.Və başa düşür ki,bu yolda davam etməyə məcburdur və sevə-sevə də davam etdirir.Mən inanıram ki,daha da gözəl olacaq,çünki buna doğru gedir hər şey.

8.Tanrı övladlarınızı qorusun.Mənə  elə gəlir ki,körpə ürəklərin gələcəyini sezmək elə də çətin deyil.Siz necə övladlarınızı sizin yolunuzu davam etdirmələrini istəyirsinizmi?Övladlarınızı bağlı hansı arzularınız var?

-Bilirsiniz,necə ki,mənim atam bizi hansisa bir sənətə məcbur şəkildə yönləndirməyib,mən də eləcə əlbəttə ki, məcbur şəkildə ovladlarımı yönləndirməyəcəm.İlk növbədə nəyə maraqları olduğunu sezmek lazımdır və istedadının olub olmadığını bilmək lazımdır.Nəyə böyük həvəs göstərsələr və nədə özlərini tapsalar və mən də kənardan müşahidəçi kimi görsəm və bir az da uzaqgörənliyimizi işə salsaq ki,nailiyyətlər qazana biləcəkmi sevdiyi,həvəs göstərdiyi işdə o zaman mane olmaq niyə ki, əksinə dəstək olaram, kömək edərəm.Əgər yox görsəm ki,sadəcə olaraq həvəs var istedad yoxdur onda təbii ki,əgər valideyn buna susursa onda valideyn günahkara çevrilir.Düşünürəm ki,bacardığı,istedadı olduğu sənətdə dəstək vermək lazımdır.

9.Sizi sevənlər hansı yenilikləri gözləsinlər.Yeni proyektlərinizlə bağlı bizi məlumatlandırın.

-Hal-hazırda bilirsiniz ki,seriallar yeni bitir,daha doğrusu çəkiliş bitdi efirdə hələ ki,gedir.Yeni proyektlərin ərsəyə gəlməsi üçün hardasa 10-15 gün, 20 gün vaxt lazimdir.Texmini 1 ay müddətində artıq yeni təkliflər olunmağa başlayacaq.Baxacağıq nə təkliflər olunacaqsa o təkliflər içərisində ən uyğun olanını dəyərləndirəcəm.Ancaq,hələ ki,real olan bir şey yoxdur.Gözləyirik,çox güman artıq 1 aydan sonra bəlli olacaq gələn sezon üçün təkliflər.Ümidvaram ki,həm mənə həm tamaşaçılara xoş olacaq bir xəbər olar insəallah.

 10.Çox sağ olun Rəşad bəy,səmimi müsahibənizə görə minnətdaram.Addımladığınız şərəfli ömür yolunda sizə bol-bol nailiyyətlər diləyirəm.  

-Əlbəttə ki,mən də təşəkkür edirəm sizə,gözəl həmsöhbət oldunuz.Gözəl suallar verdiniz.Belə düşünürəm ki,səmimi bir danışıq oldu.Öz tərəfimdən deyirəm şəxsən məni qane elədi.Ümidvaram ki,mənim də cavablarım sizi qane eliyib.Şad oldum,çox sağ olun.

 

                                                                                                       Müsahibəni götürdü- Şair və araşdırmaçı-jurnalist Günay Fuadqızı

bottom of page