top of page

Arzu Hüseyn

                 Sevgilim

Addım- addım,qarış-qarış, Sevgilim
O getdiyin uzaqlara salam de!
Şirin şirin nağıl danış, Sevgilim,
Uzun uzun söhbət elə yalan de.

De ki yollar günahkardı ,Əzizim.
De ki həsrət ürəyinə qor düşür.
Deki mənsiz mavi gözlü dənizin,
Sinəsinə lopa lopa qar düşür.

Dırnağından telinəcən donursan,
Məktubumu almayanda hər səhər.
Mənə yaz ki necə dəli olursan,
Ömrü necə sürüyürsən birtəhər.

O getdiyin uzaqlara salam de!
Bəlkə bir gün yaxınlara dönərsən.
Bəlkə bir gün sevmədiyin bu qızı,
Rəngli rəngli yuxularda görərsən.

İntizarım pəncərədən göz döyür,
Küçənizdə top qovurlar uşaqlar.
Xəyallarım qatar kimi şütüyür,
Birdən birə yaxınlaşır uzaqlar.

Sən demə mən səni sevməmişəm heç,

 

Sən demə mən səni sevməmişəm heç,
Sən demə olanlar doğru deyilmiş.
Qəlbimi həsrətdən deşən,incidən,
Adi sızıltıymış,ağrı deyilmiş.

Sən demə gecədən sabaha qədər,
Səni xəyal edib, düşünməmişəm.
Gözümü yanında açıb hər səhər,
Sənə sığınmışam, isinməmişəm.

Sən demə mən səni sevməmişəm heç,
Əllərin əlimə gərək deyilmiş.
Sən demə adınla döyünüb duran,
Bir parça daş imiş ürək deyilmiş.

        Yazıldın.
Cümlə-cümlə, sətir-sətir,
Heca-heca yazıldın.
Anlamadım ürəyimə, 
Axı necə yazıldın.
Kim pozar ki Tanrı yazan
Bu yazını, yazıldın.
Gətirərək soyuğunu,
Ayazını, yazıldın.
Ürəyimin ağrısına,
Yara yara yazıldın.
Namərd kimi can evimdən,
Vura-vura yazıldın.
Günəşimə, işığıma,
Zülmətimə yazıldın.
Neyniyirdim belə qismət?
Qismətimə yazıldın.
Gözlərimin içinə dək,
Dönə-dönə yazıldın.
Bəyaz olub saçıma dək,
Dənə-dənə yazıldın.
Səni yüklü yaddaşımdan,
Mən sildikcə, yazıldın.
Axıb-axıb göz yaşımnan,
Kiridikcə yazıldın.
İstəmirdim, gözləmirdim
Qəflətimə yazıldın.
Heç olmadın mənə qismət,
Həsrətimə yazıldın......

                        Göz yaşım

Mənim şeirim yazılmayıb dəftərində,
Mənim nəğməm dodağında səslənməyib.
Toxumum ki, cücərməyib əllərində,
Böyüməyib, sinən üstə bəslənməyib.

Ünvanımız bir-birindən çox aralı,
Otağımız başqa nəfəs, başqa aləm.
Xatirəni qəlbimə çox görmə barı,
Mən ki, çoxdan əl üzmüşəm ürəyimdən.

Qınamıram, hər ikimiz əli yanıq.
Qorxutmadı, cızz demədi kimsə bizə.
Görüşürük, bacarmırıq, ayrılırıq,
Bu dünyada yer dar gəlir ikimizə.

Taleyimdən Xəzri kimi ötüb keçdin,
Ümidlərin yarı nağıl, yarı heçdir.
Mən bir ayrı, sən bir ayrı yolu seçdin,
Təzələmə yaraları artıq gecdir.

Mənim telim oxşanmayıb nəfəsinlə,
Mənim yuxum qorunmayıb balışında.
Yaşayıram həyatımı özgəsiylə,
Sənsə hər gün islanırsan göz yaşımda...
Yağış yağır, islanırsan göz yaşımda.......

       Nəvaxtsa sevdiyim
Dünəndən bu günə nə dəyişib, nə?
Sən elə həminsən, mən elə həmin.
Yanından düz keçsəm dəyməz xətrinə,
Unutsam tükün də tərpənməz sənin.

Görüşlər adətdir, istəkdən keçib.
Öpüşlər itirib hərarətini.
Daha dünənki tək yanıma qaçıb,
Bəyan eyləmərsən məhəbbətini.

Cümlələr qısalır, sözlər azalır,
Arada məktublar cavabsız qalır.
Ya sənin hardasa başın qarışır,
Ya mənim nədənsə işim çoxalır.

Bəhanə gəzirik, sakitləşirik.
Guya anlayırıq, başa düşürük,
Niyə son zamanlar az dərdləşirik,
Niyə son zamanlar az görüşürük.

Sonra da təklikdə danlaq içində,
Yumuruq gecəyə yaş gözümüzü.
Bir qıl körpüsüylə, dırnaq ucunda,
Hər gün tərk edirik bir birimizi.

Dünəndən bu günə nə dəyişib, nə?
Sən elə həminsən, yoxsa deyilsən?
Dodağın sarılıb siqaretinə,
Elə hey tavana tüstüləyirsən...

Durursan qapının ağzında son kəz,
Sözlərin sükütda əriyən duman.
Elə bil bir anlıq kəsilir nəfəs,
Titrəyir ürəyim addımlarından.
Əlvida nəvaxtsa sevdiyim, Adam!

Sevmə məni, gərək yoxdur.
Sevmə, məndə ürək yoxdur.
Sevmə, telimi sevmə,
İncə belimi sevmə,
Sevmə gözümün qarasın,
Sevmə , Gözümün qarası!
Vallah, hədərdi sevgi,
Sürgündür, şərdi sevgi.
Bu əllər, bu dodaqlar,
B düppədüz ayaqlar,
Bu yeriş , bu təbəssüm,
Hamısı bir yük mənə,
Sevgin ilə yükləmə!
Sevmə məni ay, Adam,
Təpəyəcən fəryadam.
Sitəməm, dərdəm, qəməm
Səni sevə bilmərəm.
Sevmə məni, sevmə!

      Gecə simfoniyası və Şair.

Mən öz şeirimdən qaçaq düşmüşəm
Soruşsan özümdə mən yoxam artıq
Güzgüyə baxıram mənə güzgüdən
Əlini uzadır tam başqa varlıq

Zülmət gecələrin hıçqırıqları
Neçə pəncərədən boylanır baxır
Yarılır göylərin bağrı kədərdən
Gör neçə insanın göz yaşı yağır

Şütüyür şəhərdə qəm tramvayı
Axır şüşəsindən duzlu damlalar
Görəsən kim bilir məndən savayı
Bu günkü yağışda dəniz tamı var

Yuyulur küçələr həsrətimizlə
Torpaqdan göz yaşı qoxusu gəlir
Bizim uyumayan gözlərimizdə
Kövrək duyğuların yuxusu gəlir

Buludlar dahi bir pianist kimi
Vurur son akkordun qəmli nəğmənin
İlhamım yenidən öpür əlimi
Yazılır yeni bir şeirim mənim.

bottom of page