top of page

Günay Abdullayeva

                        Yoxdur

Sənə deyiləsi sözüm o qədər,

Bircə söz deməyə,sözüm də yoxdur.

Dayandım birtəhər,susdum birtəhər,

Bunca söz içində sözüm də yoxdur.

 

Sənli xəyalları puç eylədin sən,

Sevib,sevilməyi suç eylədin sən,

Ölümsüz eşqimi heçeylədinsə?

Demək ürəyində izim də yoxdur.

 

Qatmısan başımı fitnə,fəsadla,

Açıb dərin quyu,deyirsən adla,

Məni bir tutmusan,özgəylə,yadla,

Daha səbr etməyə əzim də yoxdur.

 

Nifrətin adına qarış,yan indi

Eşqimin odunda çalış,yan indi,

Ruhuma yenidən qovuşsan indi,

Cismini görməyə gözüm də yoxdur.

            Harda görərsən?

Gözlərim səmanın buludlarıdı,

Çaxanda şimşəktək dola bilərmi?

Sən məni unutsan,unut əzizim,

Mən səni unutsam,ola bilərmi?

                                               

Bir qaya olacam,bir daş olacam,

Bir sual boğacaq,məni içimdə.

Min özüm özümə sirdaş olacam,

Bəlkə də qalacam,neçə seçimdə.

 

Gözlərin gözümü arayar bir gün,

Bir gün darıxanda,darda görərsən.

Nə səsim olacaq,nə o ərköyün,

Getmişəm,axtarma harda görərsən?!

                       Ürək

Köksündə çırpınar dalğalar kimi,

Limana dəydikcə,dağılar ürək.

Yazda qışa dönər,göydə qar kimi,

Sinədə bərkiyib,sıxılar ürək.

 

Göydən yerə enər arzu,diləyi,

Hesaba qatmayar çərxi-fələyi,

Bükərsən,bükülər gücsüz biləyi,

Öldükcə təzədən doğular ürək.

 

Bir qayaya dönər,bir daşa dönər,

Hərlənər,fırlanar lap başa dönər,

Gah bacıya dönər,qardaşa dönər,

Mayası həmdəmdən yoğrular ürək.

 

Məyus dayanarsan,əridər özün,

Seçəmməz nə əyri,nə də ki,düzün,

Söylənib,toxunsa ona bir sözün,

Sınar qol qanadı,bükülər ürək.

 

Öyrənib gözləri kor yaşamağa,

Özünü öyrədib cəfaya,dağa,

Sinəsi üstünə qəm yağa-yağa,

Gözünün yaşında boğular ürək.

 

İstəyi,arzusu qalar gözündə,

Saxlayar nə ki var sirri özündə

Sevinci,şadlığı durar üzündə,

İçində əriyib,soğular ürək.

             Ağlamaq üçün...

Gülmək istəyirəm,ağlamaq üçün,

Gülüş gözlərimdə yaşa dönəydi.

Elə sevinməyim,elə gülməyim,

Ürəkdə ən böyük coşa dönəydi.

 

Güləydim,gözümdən axaydı yaşlar,

Yox,mən ağlamıram qəmdən,kədərdən,

Güləndə ağlamaq,sevincdən başlar,

Düşünüb ağlaram,xatirələrdən.

 

Yaşlarım gözümə işıq verəydi,

Niyə kədərlənim? Niyə fikr edim?

Ya Rəbb,elə ağlat,bu səfər məni,

Gözümdən süzülən nəmə şükr edim.

      Çıxmayan gün

Kinimi coşdurub kim?

Nifrət sinəmə hakim,

Yaramı bağla,həkim!

Ürəkdən qana döndüm.

 

Yaş yandırdı üzümü,

Tərk edəndə gözümü,

Gəl arama izimi,

Bitməmiş sona döndüm.

 

Bu sinənin ahı var,

Gözlərində ahuzar,

Bağlayaraq min qubar,

Dərd yüklü qına döndüm.

 

Üfüqlərim dardı,dar,

Könlüm quşu uçmayar,

Gəlmədi ömrə bahar,

Çıxmayan günə döndüm.

                      Bu gecə

Yoxluğun qəlbimə qonaq bu gecə,

Bilirəm,bir başqa gecə,bu axşam.

Nəfəsim kəsilir,gözüm arayır,

Ürəyim darıxır necə,bu axşam.

 

Bir sükut,bir də mən mən deyiləm ki,

Bütün sitəmlərə tən deyiləm ki,

Dözümüm tükənib,sən deyiləm ki,

Gözlərimi yumam,keçə bu axşam.

 

Bilmirsən?Heç bilmə,Hardan biləsən!?

Ölürəm vəfasız,daşmısan?Nəsən?

Sevgilər sayrışan,küləklər əsən,

Viranə qalıbdı,küçə bu axşam.

 

Yenə acıqlıdır mənə gözlərim,

Çətin ki,ağlaya,dinə gözlərim,

Yenə yuxusuzdur,yenə gözlərim,

Bu nisgillə yatar üçə,bu axşam.

Ürəyim darıxır necə,bu axşam.

bottom of page