top of page

Günay Fuadqızı - Yetim Qacar

Yetim Qacar

Mənə belə baxma mən elə baxsam 
Mənim baxışımda yanıb bişərsən 
Gözümlə qəlbimə səni salmışam 
Sözümə baxmasan gözdən düşərsən

Günay Fuad qızı

Mənə elə baxma yandırar odum,
Alışıb yanarsan, külə dönərsən.
Axarsan hər gecə didəmdən mənim
Enib yanağımda selə dönərsən.

Yetim Qacar

Mənə elə baxma, sinə dağımı 
Gözümün yaşıyla gül eliyərəm 
Cəmi bircə dəfə çəksəm ahımı
Bütün kainatı kül eliyərəm

Günay Fuad qızı

Soyuyub ürəyim, çəkmişəm ahı,
Ver alım boynuma ver, bu günahı,
Tanrıya bağladım bütünn pənahı,
Keçməyib gecədən helə dönərsən...

Yetim Qacar

Mənə elə baxma, içim odlanır 
Tüstüsü gözümdən su kimi axır 
Mənimtək sevənlər dəli adlanır 
Ev qurmaq istəyib evini yıxır

Günay Fuad qızı

Sənin gözlərində nəyəm, əzizim
Mənim gözlərimdə eşqsən kədərsən.
Bilirəm könlümə dolandan bəri.
Sən də hamı kimi gəldi-gedərsən...

Yetim Qacar

Mənə elə baxma, gözüm qaralır 
Gözümdən gözünə bir yol uzanır 
O yola baxmaqdan koksüm saralır 
Gözlər şama dönüb bu yolda yanır

Günay Fuad qızı

Baxma arzularım var o gözlərdə,
Baxma ümidləri vermə amandı.
Gəl məni saxlama, burax əlimi, 
Qovuşa bilmərik, bu boş gümandı...

Yetim Qacar

Mənə elə baxma, mənim əzizim
Susmağım sayılmaz günahı dilin
Mən eşq qəvvasıyam, sənsən dənizim
Tək arzum, olmasın hec vaxt sahilin...

Günay Fuad qızı

O mavi dənizi sevmə, sevgilim,
Atma dalğalara daha özünü.
Unudum sevgilim, unudum deyə
Baxma gözlərimə gəl çək gözünü...

Yetim Qacar

Mənə elə baxma, sənin baxışın 
Canımı odlayan çətin sualdı
Bizi ayırmaz ki, həsrət yağışı 
Sənin həsrətin də, mənə vüsaldı...

Günay Fuad qızı

Vüsalın həsrəti şirin olarmış,
Gəl tut əllərimi, yetək vüsala.
Çəkdiyim sevginin yası, əzizim
Bir bax varlığımı saldı nə hala?!

Yetim Qacar

Mənə elə baxma, sən elə etmə
Kor olsun gözlərim, tutulsun dilim
Məni ayrılığa verərək getmə 
Apar özün ilə məni, sevgilim...

Günay Fuad qızı

Mənə elə baxma deyə bilmərəm,
Yenə o sevgini eşqi yaşayaq.
Gəl tut əllərimdən, bir ömürr boyu.
Ölümsüz sevgini qəlbdə daşıyaq...

Yetim Qacar

Mənə elə baxma, tutum əlindən 
Yetərki danışdın sükutunla sən 
Eşitmək istərəm sənin dilindən:
Səni ölənəcən sevəcəyəm mən

bottom of page