top of page

Ayaz Arabaçı

Vətən hər şeydən qiymətli,
****Vətən hər kəsdən üstün....

Boğazımı bir udum,
Siqarla yaşlayıram.
Sözümü sənnən açıb,
Səninlə başlayıram.
Allahı çağırıram,
Şeytanı daşlayıram.
Bəzən olur özümdən-
Özümü dışlayıram.
Sinəmi torpaq kimi,
Eşirəm,xışlayıram.
Hamıya hirslənəndə,
Səndə yavaşlayıram.
Hər gün səni öyürəm,
Səni alqışlayıram.
Mənim əsgər qardaşım,
Baş əyirəm önündə-
Əyirəm önündə baş.
Savaş indi başlayır-
İndi başlayır savaş.

Nicat qana-qandadır,
Nicat kinə-kindədir.
Böyüyüb sıraların,
Gör neçə yüz mindədir.
Quzğunlar qaynaşsa da.
Durnalar səfindədir.
Sənin qeyrət kitabın,
Könlümün rəfindədir.
Sülh deyib bağıranlar,
Hamısı kefindədir.
Qoru,bəbəyin kimi,
Nə ki,şərəfindədir.
Bu gün Tanrı özü də,
Sənin tərəfindədir.
Xocalının hələ də,
Yanır gözlərində yaş.
Savaş indi başlayır-
İndi başlayır savaş.

Nöqtə qoy nağıllara,
İnanmaq vərdişinə.
Çox taxıldı bağrımız,
Xəyanətin şişinə.
Dəvə boyda ölkələr,
Susdular haqq işinə.
Vurdun bu imtahanda,
Çoxlarını dişinə.
Qurban olum o məğrur,
O amir yerişinə.
Dola bu məlunların,
Boynunu kirişinə.
Onsuz da çaş-baş qalıb,
Qalıbdı yağı,çaş-baş..
Savaş indi başlayır-
İndi başlayır savaş.

Uca bayrağındadı,
Gəzdiyimiz mənalar.
Artıq dərk eləyibdir,
Bunu işi fənalar.
Səninkidir dualar-
Səninkidir sənalar.
Kəlbəcərə-Laçına,
Zəfər gəmin yan alar.
Oğul dərdə qapılmaz,
Oğul qana-qan alar.
Burda arxa cəbhədə,
Yuxu yatmır analar.
Ürəyində həyəcan,
Gözündə sonsuz təlaş.
Savaş indi başlayır-
İndi başlayır savaş.

Qollarında can verib,
Neçə-neçə qardaşın.
Şahdağından ucadı,
Məğrur əyilməz başın.
Çatılmadı bir kərə,
Ağır günümdə qaşın.
Baxma çiçək yaşıdı-
Fidan yaşıdı,yaşın.
Bir aslan savaşıdı,
Bu gün sənin savaşın.
Səndən başqa kimi var,
Bu torpağın-bu daşın..
Dənlə hey alçaqları,
Bir ucdan yavaş-yavaş,
Savaş indi başlayır-
İndi başlayır savaş..

Qayaların köksünə,
Basılsın qızıl izin.
Təkcə Qarabağ deyil,
Ünvanı sevgimizin.
Gözünü yolda qoyma,
Savalanın,Təbrizin.
Önündə sərsəmləri,
Süründür dizin-dizin.
Qana-qan vaxtı gəlib,
Nə göstəriş-nə izn,
Qeyrətinə güvənir,
Vətən hər birinizin..
Yeri gəlsə daş elə.
Elə,ürəyini daş.
Savaş indi başlayır-
İndi başlayır savaş!!!

        Bir şirin,bir uzun gecə...
 

Mənə bircə dəfə can kimi can de,
İçində bir damcı zəhər olmasın.
Dodağın gül açıb öpüş gətirsin,
Ayrı bar olmasın, bəhər olmasın.

Sevgimiz illərdən illərə varsın,
Həsrəti,könlündən yellər aparsın,
Sinən elə coşsun, elə qabarsın,
Səsində bir daha qəhər olmasın.

Ruhumuz qanadlı bir at tapıb,de,
Bu dünya mənimlə həyat tapıb de,
Bacarsan özünə bir ad tapıb de,
Dürrə bənzəməsin,gövhər olmasın.

Yalandan qırılıb düşməyək üzə,
Bütün zirvələri endirək dizə,
Ağ bayraq qaldıraq bir-birimizə,
Nə sənə,nə mənə zəfər olmasın.

Olmasın an belə, qeylü-qallaşaq,
Bir uzaq ulduzdan tutub sallaşaq,
Elə şəkərləşək,elə ballaşaq,
Bir daha geriyə səfər olmasın..

Sayaq ayrılığı heçə,yaşayaq,
Almayaq heç nəyi vecə,yaşayaq,
Bir şirin,bir uzun gecə yaşayaq,
Sonunda heç zaman səhər olmasın.

Uzağı bir ovuc göz yaşı damlar...
Gedək oyanmamış mürgülü damlar,
Gedək,bildiyimiz tanış adamlar,
Bir də bildiyimiz şəhər olmasın.

Çoxdandı özümə 
fikir vermirəm.
Çoxdandı,fikir vermirəm özümə..
Canım yorğun,ruhum əzik,saçım pırtlaşıq.
Ümidlərim vitamin içirdir
yarımcan arzularıma qaşıq-qaşıq..
Ayaqlarım bir-birindən
əsgərlik xatirələri qədər uzaq.
Üfürə-üfürə soyudur ovucunda
İsti ürəyimi bir ac yalquzaq.
Gözlərim qulaqlarına inanmır,
Güləbətinli təbəssümlərdən 
ağlamaq səsi duyulur.
Ağlamaq yaxşıdı,
ağlayanda adamın gözləri yuyulur...
Nəfəslər hər zaman duyulur,
Ən çox da daldadan..
Adamları həmişə içini doldurmaq istədiyi
boşluqlardı aldadan.
Boşluqlar çiçək kimidi həmişə təzə-tər.
Çöldə hərəmxana saxlayır
Evdə arvadının ətini şişə çəkən sadiq ər.
Qayğılarda tapdım göz açandan dincliyimi.
Bircə günə ağlayıb qurtardı həyat
Kirpiklərinin arasından
Ucaboylu,qaraqaşlı gəncliyimi..
Olmayan rəsmindi isidən nəfəsiylə otağımı..
Tərli pəncərələrdən bilinir.
Hara yazırsan yaz,məlahətli bir tumarla
ən gözəl adlar silinir..
Mən doğulanda niyə bir adam soruşmadı ki,
Bir görün əyninə gəlirmi bu həyat bu uşağın.
Başına dəysin sənin doqquz iqlim qurşağın...
Ən çox işlənən həqarətli sözlərdi
Ən ağır təlimatları yerinə yetirir.
Mən daha çox boğuq səslərdən həzz alıram.
odda kövrəldilmiş əzgil çubuğunun dadını verir.
Çox istədiyim adamları sildim bir dəfəyə
kreslo-kreslo,vəzifə-vəzifə,adbaad.
Qancığın qarnından çıxıb bu həyat.
Sözlər bəzən ayaqları palçıqlı-palçıqlı
çıxır ağ kağızların üstünə 
Kağızlar dinmir.
Vidalaşanda heç kim şahə qalxan sözləri minmir.

Qollarımda şir gücü,
Əlimin altında 32 hərf.
Amma heç birini tərpədə bilmirəm yerindən.
Yumulur göz qapaqlarım,
Əlimdə səndələyir qələm.
Ağ ipək vərəqdən
don biçmək istəyirəm sənə-
bir ürək şəklində.
hər şey istədiyim kimi olacaq.
Bircə bu inadkar hərfləri
ipə-sapa düzə bilsəm.
Bircə çevirə bilsəm onları
kəpənəklərə,çiçəklərə..
Və onda bir daha 
qurumuş güllərə baxmazsan ...

Guya bura kəpənəkdi,çiçəkdi,
Bağ yerində oturmağa gəlmisən.
Ürəyimdə bir salamat yermi var,
Sağ yerində oturmağa gəlmisən...

Hansı rəng var,sona kimi solmayan,
Bir xəlbirəm doldurduqca dolmayan, 
Durub-durub,qara bəxtin olmayan-
Ağ yerində oturmağa gəlmisən.

Çox çəkərsən ağrısını bu nəmin,
Vurulmusan,qırılmısan minə-min,
Siqar kimi tüstüləyən sinəmin,
Ah yerində oturmağa gəlmisən.

Əl dəyməmiş bir paklığın köyündə,
Durmuşdun də,adam kimi öyündə,
Bir ürəyi daş şairin göyündə,
Mah yerində oturmağa gəlmisən.

Heyfin gəlmir,zamanına-vaxtına,
Bu qədərmi əmin idin baxtına,
Qəsb olunmuş bir dövlətin taxtına,
Şah yerində oturmağa gəlmisən.

Buza dönən xəyalların,
Canı qızmağa yer yoxdu.
Yoxdu, könül dəftərimdə,
Sənə yazmağa yer yoxdu.

Kimsə çıxmaz fəryadına,
Mən düşəndə hər yadına,
Dilimdə ölən adına,
Qəbir qazmağa yer yoxdu.

İnildəmə köks ötürüb..
Gözlərimi yaş götürüb,
Dağılmışda
baş götürüb,
Gedib azmağa, yer yoxdu.

Yığ saçını əklil kimi,
Bir gününü çək,il kimi,
Daha səni şəkil kimi,
Məndən asmağa yer yoxdu..

Etdin oldu bu da bir iş,
Ya öl barış,ya qal barış,
Ürəyimdə bircə qarış,
Ayaq basmağa yer yoxdu.

Bizim gözümüz-könlümüz toxdu.
Bir olan Allah da bilir ki,
Heç kimin sərvətində-torpağında 
Gözümüz yoxdu.
Qoy rus da bilsin,ingilis də,firəng də.
Bizim qeyrətimiz də bir rəngdədi,
Siyasətimiz də bir rəngdə.
Dəyməsinlər könlümüzün yaralı siminə.
İnanmırıq atətin-matətin kirli təbəssümünə.
Hər gələnin ağzımız şirin olsun deyə
dilimizin üstünə bir-iki 
şəkər qoymaqlarıyla deyil.
Nə də erməniləri soyqırım adıyla şeypurlayıb
altlarına təkər qoymayqlarıyla deyil.
Min illərdi ki,ermənilər içlərində tüstülənən
xarabalıqları abad edə bilmir.
Yalanla zəncirlənmiş köpək kimidilər,
Özlərini heç cür azad edə bilmir.
Bizim bir pis işimiz var ki,
Pislikləri tez unudub,yaddaşımızdan silirik.
İyirmi ildən çoxdu ki,
Qələbə saatlarının uzaqda olmadığını bilirik.
Amma yolumuzda kötük var.
Ən gözəl yeməyimizin içində tük var.
Özü də donuz tükü.
Qızılqanad qartalların çiynindədi zəfər yükü.
Yalan ha deyil,
İstəsək bir günə azad eləyərik Qarabağı..
Amma imkan vermir 
Qırmızı yağı,sarı yağı,qara yağı.
Uzun illərin quraqlığı yetdi sona.
Dolu kimi yağır qələbə xəbərləri.
Gətir oğlum qədəhini gətir bəri...
Səfərbərik oğullu-qızlı,qocalı-cavanlı.
Səfərbərik Xocalının qisasını alana qədər.
Dünyada toxumluq 
bircə dənə erməni qalana qədər....

bottom of page